29 NƏFƏRİN HƏLAK OLDUĞU BƏRDƏ TERRORU

2020-ci il sentyabrın 27-dən etibarən başlanan və 44 gün davam edən Vətən müharibəsi dövründə erməni silahlı birləşmələri dinc sakinləri və infrastruktur obyektlərini də hədəfə almışdı. Qanlı terror hadisəsi cəbhə bölgəsinə yaxın, müharibəyə isə bir o qədər uzaq olan Bərdə də yaşandı, özü də 5 dəfə. Şəhərə endirilən raket hücumları nəticəsində dinc sakinlərin evləri dağıldı, infrastruktura ciddi ziyan dəydi. Məhz bu gün Ermənistanın 2020-ci il 8 oktyabr tarixində Bərdədə törətdiyi terrordan iki il ötür. Oktyabrın 8-də Bərdəyə atılan raket nəticəsində 7 nəfər yaralandı. Qeyd edək ki, 44 gün ərzində beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozan Ermənistan silahlı birləşmələri tərəfindən Bərdə rayonu və şəhər mərkəzinə atılan raketlər nəticəsində 29 nəfər həlak oldu, 108 nəfər yaralandı. Raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəydi.