2023 – CÜ İLDƏ DÜNYANI ACLIQ GÖZLƏYİR
Baxış sayı: 564
2023 – cü ildə dünyada ciddi qida çatışmazlığı olacaq. Belə bir xəbərdarlıqla BMT – nin baş katibi Antoni Qutyereş Ukraynanın dövlət müstəqillik günündə növbəti sülh çağırışında bildirib. Baş katib dünyada bir çox fermerin artıq növbəti mövsüm üçün əkin sahələrini azaltmağı planlaşdırdığını dilə gətirib.
Habelə Antoni Qutyereş BMT Təhlükəsizlik Şurasındakı çıxışında Ukrayna xalqının sülhə ehtiyacı olduğunu və bölgədə davamlı sülhün bərqərar olmasının vacibliyinə diqqət çəkib. 6 aydır davam edən Rusiya – Ukrayna müharibəsini şərh edən Antoni Qutyereş qeyd edib ki, onun nəticələri Ukraynadan çox – çox uzaqlarda hiss olunur. Rusiya – Ukrayna müharibəsi münaqişələrdən, bərabərsizlikdən, səhiyyə problemlərindən, pandemiya sonrası iqtisadiyyatdan və iqlim böhranından bezmiş qlobal sistemdə yeni zəiflikləri ortaya qoydu. Ərzaq, yanacaq və gübrə qiymətlərindəki sürətli artım, dünyada milyonlarla insanı yoxsulluğa sürükləyən, aclıq və qida çatışmazlığını artıran qlobal böhrana səbəb olub – deyə BMT rəhbəri bildirib. Beynəlxalq ekspertlər isə qlobal iqlim dəyişikliyi nəticəsində dünyanın bir çox regionunda quraqlıq yaşanmasını başlıca təhlükə kimi göstərirlər.