2019-CU İLDƏ NAFTALANA 40 MİNƏ YAXIN YERLİ VƏ XARİCİ TURİST GƏLİB

2019-cu ildə Naftalana 40 minə yaxın yerli və xarici turist gəlib. Bu da 2018-ci illə müqayisədə 11,4% artım deməkdir. Dünya şöhrətli Naftalanın turizm inkişaf planının icrasına start verilməsi bu şəhəri sağlam həyat sürmək istəyənlər üçün mərkəzə çevirəcək.

Müalicəvi xüsusiyyətlərinə görə dünyada yeganə olan Naftalan nefti fiziki və kimyəvi tərkiblərinə görə də digər neftlərdən fərqlənir. Hazırda bu neftin bir Azərbaycan brendi olaraq dünyaya tanıdılması istiqamətində aparılan işlər Naftalan şəhərinin tək Azərbaycan üçün deyil, dünyanın turizm şəhərlərindən birinə çevirlməsinə də öz töhfəsini vermiş olacaq. Kurort şəhərində üçü 5 ulduzlu olmaqla 12 sanatoriya fəaliyyət göstərir. Müalicə məqsədilə üz tutan turistlərin əsas çoxluğu MDB ölkələri arasındandır. Naftalanın turizm inkişaf planının icrası şəhərin digər turizm layihələrinin inkşaf etdirilməsinə gətirib çıxaracaq. Artıq Naftalanda bir sıra yeni layihələrin həyata keçirilməsinə başlanılıb. Şəhərin küçə və prospektlərində, eləcə də parklarda əlillərin sərbəst hərəkətinin təmin olunması üçün pilləkənlər yerləşdiriləcək. Naftalanın turizm potensialının daha da inkişaf etdirilməsi, yeni turizm brendinin yaradılması Dövlət Turizm Agentliyi və sahibkarları bir araya gətirib. Bu məqsədlə təşkil olunan seminarda yeni yaradılacaq brendin loqosu və hədəf bazarları üzərində müzakirələr aparılıb. Qeyd olunub ki, ölkənin neft ixracından sonra ən gəlirli sahəsi turizm hesab olunur. Naftalan turizm brendinin yaradılması möcüzəvi neftin dünyada “Made in Azerbaijan” adı ilə tanıdılmasının ilk mərhələsidir. Bu, həm də Naftalanın əvvəlki şöhrətinin bərpası istiqamətində atılan növbəti addımdır.