Qubada şəhid qəhrəmanlarımızın anım günü rayonun Küçeyi kənd və şəhər qəbristanlıqlarında dəfn olunan 20 yanvar şəhidləri Elçin Qeybullayevin və Raqib Hüseynovun məzarlarının ziyarət olunması ilə başlanıb.Şəhidlik zirvəsinə ucalan qəhrəmanların məzarları üstünə tər qərənfillər düzülüb.
Quba şəhərindəki Şəhidlər xiyabanında 20 Yanvar qurbanlarının xatirəsi böyük ehtiramla anılıb.Minlərlə qubalı Şəhidlər xiyabanına gələrək qəhrəman Vətən oğullarının məzarları üstünə gül dəstələri düzüb, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olanların xatirəsini dərin hüzn və ehtiramla yad ediblər. Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev 20 yanvar –Şəhidlər xatirə kompleksi önünə tər qərənfillər düzüb.Ziyarətçilər arasında rayon rəhbərliyi,şəhid ailəsi üzvləri, müharibə əlilləri və veteranları,ictimaiyyət nümayəndələri də olub.Mərasimdə bildirilib ki, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun ağır texnikası Bakıya yeridilib, silahsız insanlara atəş açılıb, nəticədə yüzlərlə insanın qanı tökülüb. Əməliyyatın əsl məqsədi müstəqillik həsrəti ilə yaşayan Azərbaycan xalqına dərs vermək, insanları müstəqillik yolundan döndərmək olub. Lakin keçmiş sovet rəhbərliyinin bu məkrli siyasəti nəinki Azərbaycan xalqının iradəsini qıra bilmədi, əksinə azərbaycanlıları daha sıx birləşməyə sövq etdi. Bu gün Qubada şəhidlər xiyabanını ziyarətə gələnlər şəhidlərin məzarları önündə əminliklə vurğulayırdılar ki, qəhrəmanlarımız canlarını müstəqilliyi uğrunda qurban verdikləri Azərbaycan dövləti bu gün bütün dünyada gücü və qüdrəti ilə tanınmaqdadır.