17 NOYABR MİLLİ DİRÇƏLİŞ GÜNÜDÜR
Baxış sayı: 483
Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür. Bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıqda Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı. Milyonlarla insan meydana toplaşaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxdı. 1989-cu ilin iyulunda Azərbaycan Xalq Cəbhəsi təsis edildi. Elə həmin ilin sentyabrında Ali Sovetin Azərbaycanın suverenliyi haqqında Konstitusiya Aktını qəbul etməsi Moskvanı daha da qıcıqlandırdı və 1990-cı ilin 19-20 yanvarında Bakıya qoşun yeridildi. Mitinq iştirakçılarına qarşı ağır texnika və odlu silahdan istifadə edildi. Yüzlərlə aksiya iştirakçıları və dinc sakin vəhşicəsinə qətlə yetirildi. Amma bu hadisə xalqımızın milli qürurunu sındıra bilmədi. Əksinə, azadlıq hərəkatını daha da sürətləndirdi. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Muxtar respublikanın adından “sovet” və “sosialist” sözləri çıxarıldı. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından “sovet” və “sosialist” sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi. Bununla ümummilli lider Heydər Əliyev milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atdı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu. Azərbaycan 2020-ci ildən etibarən Milli Dirçəliş Gününü xüsusi coşqu və fərəhlə qeyd edir. Çünki 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistan silahlı qüvvələrinə ağır və sarsdıcı zərbələr vuraraq işğalda olan əraziləri azad etdi. Bu gün Azərbaycan Milli Dirçəliş Gününü tarixi və milli qürurunu bərpa edərək qeyd edir.