125 YAŞLI AZƏRBAYCAN KİNOSU

Bu gün Azərbaycan kinosunun yaranmasının 125-ci ildönümünü qeyd edir. Kino XIX əsrin ən maraqlı kəşfidir. 1895-ci ildə meydana gələn kino o dövrün bütün texniki

yeniliklərini üstələyərək bəşəriyyətin daha çox diqqətini çəkdi. 1895-ci il dekabrın 28-də Fransada yaranan, Lui və Ogüst Lümyer qardaşlarının adı ilə bağlı olan sinematoqraf bütün dünyanı təəccübləndirdi. Və cəmi 3 ildən sonra, yəni 1898-ci il iyun ayının 21 də Aleksandr Mixayloviç Mişon Bakıda eksperiment xarakterli “Bibiheybətdə neft fontanı yanğını”, “Qafqaz rəqsi”, “İlişdin” filmlərini göstərmişdir. Adı çəkilən süjetlər 1900-cu ildə Parisdə keçirilən Ümumdünya sərgisində nümayiş etdirilmiş, “Bibiheybətdə neft fontanı yanğını” kinosüjeti dünya kino sənəti salnaməsinin qızıl fonduna daxil edilmişdir. 1915-ci ildə "Neft və milyonlar səltənətində" romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başlanıldı. Filmdə Lütfəli bəy rolunu Hüseyn Ərəblinski oynamışdır. 1916-cı ildə Bakıda Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 1920-ci ildən sonra Azərbaycanda sovet kinosu erası başladı. Həmin illərdə çəkilən “Ulduz”, “Şərikli cörək”, “Bizim Cəbiş müəllim” və digər filmlərin ideoloji xətti olsa da, onları bizə sevdirən milli ruhun, milli adət-ənənələrin özündə əks etdirmələridir. Ümummilli lider Heydər Əliyevin Azərbaycan kinematoqrafiyasının inkişafında rolu çox böyük olmuşdur. Onun 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azerbaycan Kinosu Günü kimi qeyd olunur. Ümummilli Lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib. Məlum məsələdir ki, filmlərimizin böyük əksəriyyəti sovet dövründə ekranlaşdırılıb. Bu səbəbdən də onların əsas nüsxələri Bakıda  yox, Moskvada saxlanılırdı. Müsbət haldır ki, bir sıra filmlərimizin orjinal nüsxələri ölkəmizə gətirilərək, hal hazırda Dövlət Film-Fondunda saxlanılır. Bu il 125-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb. Biz də Qafqaz TV ailəsi adından Azərbaycan Kinosu Günü münasibətilə bütün kino ictimaiyyətini təbrik edirik.