ZƏFƏR YOLUNUN 18 YAŞLI ŞƏHİDİ

2020-ci ilin iyul ayında orta məktəbi bitirdikdən sonra getmişdi hərbi xidmətə. Bir neçə aydan sonra isə tarixi zəfərə gedən yol Vətən Müharibəsi başladı.Vətən Müharibəsinin ilk günlərindən savaşa atılan Səlim Sultan oğlu Sultanov Suqovuşan və Ağdam cəhbələrində savaşdı. Sonra isə istiqimat Şuşa idi. 18 yaşlı bu qorxmaz Azərbaycan əsgərini hamı sevirdi. Öz igidliyi və qorxmazlığı ilə böyüyüb boya-başa çatdığı Zərqova kəndində olduğu kimi əsgər yoldaşlarının da sevgisini qazanmışdı. 2 noyabr 2020-ci il. O böyük Zəfərə cəmi 6 gün qalmış. Toplam 6-ca gün. O gün Xocalı rayonunun Çanaqçı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirməyə getmişdi. İçində bəlkə də bir başqa həyacan var idi o gün. Hər il Xocalı soyqırımı qurbanları anılanda bütün yurd sevər vətən oğulları kimi Səlimin də qəlbi qisas hissi yanırdı. O qisas o gün alınacaqdı. Qanı bahasına olsa belə. Alındı da. Amma döyüş tapşırığını yerinə yetirərkən Səlim Sultan oğlu Sultanov düşmən mərmisinin partlaması nəticəsində şəhidlik zirvəsinə ucaldı.