Zəfər Gününün qeyd olunması münasibətilə Quba rayonunda silsilə tədbirlər keçirilib.
Əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanını ziyarət edərək Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini ehtiramla yad ediblər. Ziyarətdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, regional və digər idarə, müəssisə və təşkilatların rəhbərləri, din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəmanların əziz xatirəsi dərin ehtiramla yad edilib. Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov şəhid ailələri və müharibə iştirakçıları ilə görüşərək onlarla səmimi söhbət edib. Görüş zamanı dövlət tərəfindən şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan məmnunluq ifadə olunub, bu dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq bildirilib. Zəfər Günü tədbirləri çərçivəsində növbəti aksiya isə ağacəkmə ilə davam edib. Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Quba-Xaçmaz avtomobil yolunun Zərdabi qəsəbə inzibati ərazi dairəsinə aid hissəsində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasında iştirak ediblər. Zəfər Günü münasibətilə Quba rayonunda Şəhidlər Xiyabanına ziyarətlər gün ərzində davam edib. Qeyd edək ki, Qubada keçirilən tədbirlər xalqımızın Zəfər sevincini, şəhidlərimizin əziz xatirəsinə ehtiramını və Vətənə bağlılığını bir daha nümayiş etdirib.
