Yunanıstanda Azərbaycan çayı təqdim olunub

"QALA" Yunanıstan-Azərbaycan Dostluq cəmiyyətinin Saloniki iqamətgahında Azərbaycan çayını yerli auditoriyaya təqdim edib.

Təqdimat məclisində çayın hazırlanması, çay içmə mədəniyyəti haqqında məlumat verilməklə yanaşı, bu proses canlı olaraq iştirakçılara nümayiş etdirilib.

Təqdimatda xanım Medeya Damotsiadu bildirib ki, Azərbaycanda əsrlər boyu saraylardakı rəsmi qəbullardan tutmuş elçilik mərasimlərinədək qonaqlara çay təklif olunması adəti bu gün də davam etməkdədir. Medeya xanım Azərbaycan çayının müxtəlif ot və ədviyyatlarla içilməsinin faydaları haqqında məlumat verərək, zəfəran, mixək, nanə, itburnu və s. bitkilərlə müşayiət olunan bir neçə növ çayı armudu stəkanlarda qonaqlara təqdim edib. Azərbaycan çayının zərif ətri və xoş rəngi ilə seçilməsi və süfrəyə, adətən, şirniyyat, mürəbbə, çərəz və limonla birlikdə verildiyi barədə iştirakçılara məlumat verib.

Tədbirdən sonra iştirakçıların bəzilərinə Azərbaycan çay nümunələri hədiyyə edilib. Tədbirdən çox məmnun ayrılan qonaqlar belə mədəni məclislərin daha tez-tez keçirilməsini arzulayıblar.