YENİ DÖVRÜN MÜASİR LİDER OBRAZI

2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi. 2003-cü ilin 15 oktyabrı tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi. Həmin tarixdə keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs vermişdir. Beləliklə, Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. Dünyada baş verən sürətli hadisələr tarixi və geostrateji mövqeyindən asılı olmayaraq lider fenomeninin hər bir dövlətin formalaşması və inkişafında həlledici rol oynadığını göstərir. Bu gün müstəqil Azərbaycanın sabit və davamlı inkişafı, yeni dövrün qarşıya qoyduğu prioritetlərin uğurla icrası, birmənalı olaraq lider faktoru ilə bağlıdır. Prezident İlham Əliyevin 19 illik siyasi fəaliyyəti, müharibə zəfəri, qlobal təşəbbüsləri onun bir lider kimi xalqı vahid amallar uğrunda səfərbər edə bildiyini təsdiq edir. Bu deyilənlər tanınmış dövlət xadimi Azərbaycan xalqının böyük oğlu ulu öndər Heydər Əliyevin layiqli davamçısı dünya hərb tarixi sənətinə qızıl hərflərlə yazılan 44 günlük müharibədə qazanılan böyük zəfərin memarı İlham Əliyevin siyasi portretinin əsas cizgiləridir. II Qarabağ müharibəsində qazanılan tarixi qələbə müstəqil Azərbaycanın zəfər səlnaməsidir. 30 ildən sonra belə bir qələbəyə imza atmaq hər bir liderdən müdriklik, səbr, vətənə sevgi və yüksək sərkərdəlik məharəti tələb edir. İlham Əliyev timsalında bütün bu keyfiyyətlər bir şəxsdə cəmləşdiyindən, məşhur filosofların bu kəlamını yenidən təkrarlamağı vacib bilirik. – Xoşbəxt o xalq deyil ki, onun sayı çox, ölkəsinin ərazisi böyük olsun. Xoşbəxt o xalqdır ki, kiçik əraziyə və az sayda əhaliyə malik olsa da, onu qalibiyyətə doğru aparmağı bacaran lideri var.