Dövlət Turizm Agentliyinin və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə ölkədə yay mövsümünün açılışı ilə əlaqədar kütləvi informasiya vasitələrinin nümayəndələri üçün
“Şahdağ”a mediatur təşkil edilib. Mediaturun məqsədi Azərbaycanda yay turizminin inkişafı və təbliği istiqamətində dövlət tərəfindən atılan addımlar, turizm destinasiyaları və məhsullar, həmçinin turistlərə göstərilən xidmətlər və əyləncələr haqqında ictimaiyyəti məlumatlandırmaq, eyni zamanda “Şahdağ” Turizm Mərkəzində aparılan yenidənqurma və infrastruktur işləri, ziyarətçilərə təqdim olunan yeni xidmətlər, Mərkəzin hədəfləri və gələcək planları ilə tanış etməkdir. Tədbir zamanı ölkənin, eləcə də "Şahdağ" Turizm Mərkəzinin yay mövsümünə hazırlığı, bu istiqamətdə görülən işlər, həmçinin turistlərə təklif olunan mövcud və yeni turizm məhsulları haqqında təqdimat nümayiş olunub. Mediatur çərçivəsində KİV nümayəndələri turizm mərkəzində qonaqlara təklif olunan turizm xidmətlərindən, atraksionlardan və müxtəlif yay əyləncələrindən istifadə ediblər. Qeyd edək ki, 2024-cü ilin yanvar ayından iyun ayının 15-dək olan müddət ərzində “Şahdağ” Turizm Mərkəzinin tabeliyində fəaliyyət göstərən hotellərdə qonaq olan şəxslərin sayı 48 372 nəfər, kompleksə səfər edənlərin sayı isə 134 000 nəfərə yaxın təşkil edib.