YÜZLƏRLƏ AĞ VAĞ NEFTÇALA ŞƏHƏRİNƏ HÜCUM ETDİ

Son günlər ağ vağların Neftçala şəhərinin mərkəzində çoxalması sakinləri narahat etməyə başlayıb. Bu hal ən çox şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

Belə ki, yüzlərlə ağ vağ qəfildən küçədə yerləşən idarələrin birinə məxsus yaşıllıq sahəsinə hücum edib orada yaşamağa başlayıblar. Sakinlər söyləyir ki, ağ vağlar səhərlər ərazini tərk edir, amma axşam saatlarında yenidən bura yığılır. Bu zaman quşların qəribə səsi əhali arasında vahimə yaradır və bu hal səhərədək davam edir. Bundan əlavə ətrafı üfunətli qoxu bürüyür. Belə ki, ağaclardan və ətraf ərazidən yayılan kəskin qoxu səbəbindən evlərdə pəncərə açmaq belə çətinləşir. Sakinlər iddia edir ki, ağ vağların bura gəlişindən sonra çoxillik ağaclarda quruma da müşahidə olunur. Ekoloq Gülşən Piriyeva bildirir ki, ağ vağların şəhər ərazisində, xüsusilə görünməsi bir çox məsələ ilə bağlı ola bilər. Onlardan biri ölkə yaxınlarında müharibələrin baş verməsidir ki, köçəri quşlar şəhərlərə pənah gətirir. İkinci məsələ Kür çayında suyun qalxma prosesindən sonrakı vəziyyətə görə ola bilər. Belə ki, Kürün aşağı axınlarında həşərat və müxtəlif suda, quruda yaşayan heyvanların çoxalması ağ vağları şəhərlərə gərtirib çıxarıb. Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumların hərəkətə keçməyini gözləyir. Onlar bildirir ki, əks halda bu problem uzun çəkəcək.