XINALIQDA MUSİQİ FESTİVALI KEÇİRİLİB

Sentyabrın 6-da Xınalıq Dövlət Tarix Memarlıq və Etnoqrafiya Qoruğunda “Dağların başı” layihəsi çərçivəsində musiqi festivalının açılış mərasimi keçirilib. sentyabrın 8-dək davam edəcək festival müddətində Azərbaycan,

Gürcüstan və Macarıstandan olan musiqiçilər öz ifalarını təqdim edəcək və müxtəlif master-klaslar keçəcəklər. Tədbiri açıq elan edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, Xınalıqda ilk dəfədir belə bir festival keçirilir və bu davamlı olacaq. Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti və müasir inkişafı barədə məlumat verən F.Nağıyev bu kəndin də qədim yaşayış məskənlərindən biri olduğunu vurğulayıb.

F.Nağıyev agentliyin yeni bir konsepsiya üzərində işlədiyini diqqətə çatdırıb. Qeyd edib ki, konsepsiya ölkə başçısına təqdim olunduqdan sonra Xınalıq böyük layihələrin bir tərkib hissəsinə çevriləcək. Bu, eyni zamanda kənddə iş yerlərinin açılmasına da təkan verəcəkdir.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid qeyd edib ki, layihənin məqsədi incəsənət mütəxəssislərinin iştirakı ilə Xınalıq icmasının mədəni-sosial və iqtisadi həyatını canlandırmaq, toxuculuq üzrə yeni yaradıcı dizayn yanaşmasını tətbiq etməkdir

Tədbirdə çıxış edən “VarYox” mədəniyyət və incəsənət təşkilatının rəhbəri Sitarə İbrahimbəyli layihə haqqında məlumat verib

Festivalda iştirak edən musiqiçilər Ben Uiler və Stefan Viliyam öz fəaliyyətləri haqqında məlumat veriblər. Onlar Qafqazda musiqinin qorunması və təbliğ edilməsi istiqamətində çalışdıqlarını söyləyiblər. Musiqiçilər bundan öncə Gürcüstanın dağlıq ərazilərində buna bənzər bir proqramda da iştirak etdiklərini söyləyiblər.

Sonra tədbirin bədii hissəsi başlanıb. Uşaqlar “Arşın mal alan” filmindən səhnəciklər və rəqs nömrələri nümayiş etdiriblər. Hətta xınalıq dilində şeir də söylənilib. Daha sonra Qərb ritmləri ilə milli musiqinin sintezi səsləndirilib.

Festivalda ərsəyə gətirilmiş məhsulların satışı məqsədilə yarmarka da təşkil olunub.

Yoqa, meditasiya vorkşopları və açıq havada nümayiş olunan kinofestivala rəng qatıb.

Qeyd edək ki, “VarYox” mədəniyyət və incəsənət təşkilatının rəhbərlik etdiyi “Dağların başı” layihəsinin koordinasiyasını Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi həyata keçirir.

Məqsəd incəsənət mütəxəssislərinin iştirakı ilə Xınalıq icmasının mədəni-sosial və iqtisadi həyatını canlandırmaq, toxuculuq üzrə yeni yaradıcı dizayn yanaşmasını tətbiq etmək, buranın təbii və mədəni resurslarından istifadə edərək müxtəlif yeni fəaliyyət növlərini və məhsulları yaratmaqdır.

Burada yerli əhaliyə xarici turistlərlə ünsiyyət bacarıqlarının gücləndirilməsi istiqamətində təlimlər keçirilib. Gələcəkdə də qoruğun sosial-mədəni həyatının inkişaf etdirilməsi məqsədilə bu növ təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.