Azərbaycanla sərhəddə yerləşən Türkiyənin İğdır vilayətində “Xarıbülbül” dekorativ-tətbiqi sənət və əl işləri sərgi-yarmarkası keçirilir.
İğdır valiliyinin dəstəyi ilə keçirilən ikigünlük sərginin əsas mövzusu Qarabağın rəmzi olan xarıbülbül çiçəyidir. Şərq vilayətinin sakinləri və qonaqlarına İğdır Xalq Təhsil Mərkəzinin ustalarının hazırladığı geniş çeşiddə əl işləri təqdim olunur. Bunların arasında kuklalardan tutmuş, yalnız Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün xüsusi əhəmiyyət daşıyan xarıbülbül təsvirli broşlar, breloklar, maqnitlər, çantalar, şərflər və zərgərlik məmulatlarınadək müxtəlif məhsullar yer alır.Qeyd edək ki, bu təşəbbüsün məqsədi İğdırda ənənəvi sənətkarlıq növlərini qoruyub saxlamaqla yanaşı, xarıbülbülü Türkiyə və Azərbaycanın ortaq mədəni dəyərinə çevirməkdir. Sərgini ziyarət edənlər arasında Naxçıvan Muxtar Respublikasının çoxsaylı sakinləri də olub.
