XANKƏNDİ ARTIQ NƏZARƏTİMİZDƏDİR
Baxış sayı: 533
Azərbaycan Silahlı Qüvvələri Xankəndi ətrafındakı strateji yüksəkliklər halqasını bağladı. Bu barədə “Caliber”in Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin avqust təxribatına həsr olunmuş reportajında bildirilib. Qeyd olunub ki, ordumuzun əsgəri Anar Kazımovun ölümü ilə nəticələnən bu təxribat erməni tərəfi üçün təkcə cavab atəşi ilə yox, qlobal strateji uğursuzluqla nəticələnib. Bunu ən azından ordumuzun mart ayında Fərrux yüksəkliyinə nəzarəti ələ alması ilə müqayisə etmək olar, amma daha böyük formada. “Caliber”in əldə etdiyi eksklüziv məlumatlara görə, silahlı qüvvələrimiz şimaldan cənuba 100 km-dən çox ərazini əhatə edən kiçik Qafqazın Qarabağ dağ silsiləsinin bütün strateji əhəmiyyətli yüksəkliklərinə nəzarəti bərpa etməyə cəmi bir neçə saatdan bir sutkaya qədər vaxt sərf edib. Qanunsuz erməni silahlı birləşmələrinin bir neçə postu dağıdılıb, çoxlu sayda silah-sursatları götürülüb.
Bu əməliyyatın miqyasını təxmini qiymətləndirmək üçün Kəlbəcərin Vəng kəndindən Laçına qədər məsafəni təsəvvür etmək lazımdır. Buzluq, Qırxqız, Üçdik, Sarıbaba və Laçın dağının strateji yüksəkliklərini xəyalən birləşdirdikdə isə məsafənin böyüklüyünü daha yaxşı başa düşmək mümkündür. Silahlı qüvvələrimiz silsilənin hər iki tərəfindəki əsas marşrutlara, keçidlərə və yaşayış məntəqələrinə nəzarəti ələ keçirib.