XALQ YAZIÇISI İSMAYIL ŞIXLININ 100 İLLİK YUBİLEYİ KEÇİRİLİB

Mayın 30-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi münasibətilə tədbir keçirilib.

 Mərasimdə dövlət rəsmiləri, ədəbiyyat, mədəniyyət, incəsənət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qonaqlar əvvəlcə Filarmoniyanın foyesində İsmayıl Şıxlının həyat və fəaliyyətindən bəhs edən foto və əsərlərinin nümayiş olunduğu kitab sərgisi ilə tanış olublar.

 Tədbirdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev İsmayıl Şıxlının zəngin yaradıcılığından söhbət açaraq, ədibin Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışıb. Ədibin əsərlərində yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik obrazlar yaratdığını bildirib.

Qeyd edib ki, Xalq yazıçısı koloritli xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazan söz ustalarındandır. Bildirib ki, İsmayıl Şıxlı yaradıcılığı bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı ilə seçilir. Eyni zamanda, xalqımızın taleyüklü məsələlərinə daim vətəndaş, ziyalı mövqeyi nümayiş etdirmiş İsmayıl Şıxlının fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir.

 Vaqif Əliyev qeyd edib ki, Mədəniyyət Nazirliyi tərəfindən İsmayıl Şıxlının biblioqrafiyası çap olunub, onun haqqında elektron məlumat bazası hazırlanıb. Yaxın vaxtlarda "Ölən dünyam” əsəri rus dilində nəşr olunacaq.

Təhsil naziri Ceyhun Bayramov çıxış edərək İsmayıl Şıxlının Azərbaycan ədəbiyyatı tarixindəki mövqeyindən, zəngin bədii yaradıcılığından danışıb. Qeyd edib ki, görkəmli yazıçı əsərlərində Azərbaycan xalqının milli düşüncə tərzini, onun psixologiyasını, dünya görüşünü əks etdirməyə xüsusi diqqət yetirib. Bununla yanaşı, o, bir vətəndaş kimi də Azərbaycanın ən çətin günlərində sözünü deməkdən çəkinməyib. 1990-cı ilin Qanlı yanvar hadisələri zamanı əsl vətəndaş, ziyalı mövqeyi nümayiş etdirib.

 Vurğulayıb ki, yazıçı ömrünün sonunadək qələminə sadiq qalıb və ədəbiyyatımıza dəyərli nəsr əsərləri bəxş edib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar yaradıcılığa təzə başlayan gənclərin həmişə dayağı olan İsmayıl Şıxlını böyük yazıçı və sözübütöv, mərd, cəsarətli bir insan kimi xarakterizə edib. Deyib ki, İsmayıl Şıxlı XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biridir.

 İsmayıl Şıxlının təkcə "Dəli Kür” romanı onun XX əsr Azərbaycan ədəbiyyatının klassikləri sırasına düşməsinə kifayət edir. Bununla belə, görkəmli yazıçı bütün əsərlərində canlı obrazlar qalereyası yaradıb, orijinallığı ilə daim seçilib və oxucuların ürəyində özünə əbədi heykəl ucaldıb.

Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundova, Xalq yazıçısı Çingiz Abdullayev, Xalq şairi Ramiz Rövşən İsmayıl Şıxlı haqqında xatirələrini bölüşüblər. Bildiriblər ki, o, öz təbiiliyi, kişi xarakteri, mərdliyi və özünəməxsusluğu ilə xalq arasında böyük nüfuz qazanıb. İsmayıl Şıxlı bu gün də bizim üçün əsl vətəndaş, əsl kişi, əsl ziyalı nümunəsidir.

Sonra görkəmli yazıçının həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Əsərlərindən parçalar səsləndirilib.

Sonda yazıçının ailəsi adından oğlu Elçin Şıxlı , Azərbaycan Respublikasının Prezidentinə, tədbirin təşkilatçıları və iştirakçılarına İsmayıl Şıxlı yaradıcılığına verilən dəyərə görə təşəkkürünü bildirib.