XAÇMAZDA BOŞ İŞ YERLƏRİ TƏQDİM EDİLİB
Baxış sayı: 491
Xaçmazda əmək yarmarkası keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Xaçmazda keçirilən əmək yarmarkasında işaxtaranlara 800-ə yaxın vakant iş yeri təklif olunub.
Quba, Qusar, Xaçmaz Şabran və Siyəzən sakinləri üçün təşkil olunan məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə 41 müəssisədə vakant iş yerləri təqdim edilib. Vakansiya təqdim edən müəssisələr arasında həm özəl, həm də dövlət müəssisələri yer alıb. İş təklifləri iqtisadi fəaliyyət növünə görə, regionun əmək bazarının tələbatına uyğun olaraq istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət (turizm), kənd təsərrüfatı, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, emal, xidmət və istehsal sahələrini əhatə edir.
Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri və layihələri barədə yarmarka iştirakçılarına məlumat verilib. Əsas məqsəd işsiz və işaxtaranların əmək bazarına çıxışının dəstəklənməsi, onların məşğulluğunun təmin edilməsidir.
Yarmarkada öz kiçik biznesini qurmaq istəyən şəxslərin özünüməşğulluq proqramına, əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyənlərin peşə hazırlığına cəlb edilməsi üçün qeydiyyatı aparılıb.
Boş iş yerləri üzrə işəgötürənlər tərəfindən təklif edilən əməkhaqqı 300-1500 manat arasında dəyişir.