XAÇMAZDA BİR QRUP MEDİA NÜMAYƏNDƏLƏRİ TƏLTİF OLUNDU

Azərbaycan milli mətbuatının yaranmasının 147 illiyi münasibətilə Xaçmaz Rayon İcra Hakimiyyətində mətbuat nümayəndələri ilə keçirilən görüşün əvvəlində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev mətbuat işçilərini və jurnalistləri peşə bayramları münasibətilə təbrik edib, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb. Bildirilib ki, ümumilikdə, ulu öndər Heydər Əliyev mətbuatın problemlərinin həlli ilə bağlı 10-dan çox sərəncam və fərman imzalayıb. 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” beynəlxalq tələblərə cavab verən qanun qəbul edilib. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli Sərəncamı ilə Azərbaycanda senzura ləğv olunub. Qeyd olunub ki, hazırda ölkəmizdə söz və mətbuat azadlığına, KİV-ə ən yüksək səviyyədə diqqət və qayğı var. Çıxışlarda bu il 90 yaşını qeyd edən “Xaçmaz” qəzetinin fəaliyyəti yüksək qiymətlindirilib. Redaksiya əməkdaşlarının rayonun ictimai, siyasi və mədəni həyatında yaxından iştirak etdiyi vurğulanıb. Tədbirin sonunda kütləvi informasiya vasitələrinin nümayəndələri Milli Mətbuat Günü münasibətilə Xaçmaz Rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə mükafatlandırılıblar.