XAÇMAZDA “YAZ FESTİVALI” KEÇİRİLDİ

Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ilk dəfə olaraq Xaçmaz rayonunda aqrar sahənin inkişafına yönəlmiş “Yaz festivalı” keçirilib. Festivalda Kənd Təsərrüfatı Naziri İnam Kərimov, Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi və əməkdaşları, alimlər, fermerlər, kənd təsərrüfatı istehsal vasitələrinin satışı ilə məşğul olan sahibkarlar, müxtəlif şirkətlərin nümayəndələri, eləcə də yerli və xarici qonaqlar iştirak ediblər. Festivalın keçirilməsində məqsəd kənd təsərrüfatı məhsulları istehsalçılarına dəstək vermək, müxtəlif kənd təsərrüfatı texnikaları, toxum, gübrə və ting istehsalçılarına öz məhsullarını nümayiş etdirmək, fermerlərin bu məhsullara əlçatanlığını təmin etmək, fermer və sahibkarlar arasında işgüzar əlaqələrin qurulmasıdır.