XAÇMAZDA “ALBALI VƏ GİLAS” FESTİVALI KEÇİRİLİB

“Bizim biotexnologiya labaratoriyasında istehsal olunan virusdan azad gilas calaqaltılarının da sərgiləmişik. Bu calaqaltılarla super intensiv bağlar salınır. Amma onların əkin sistemi fərqlidir”. Bu sözləri Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutun elmi katibi Zəminə Sərhədova dedi. Belə ki, Azərbaycanda ilk dəfə keçirilən “Albalı və gilas” festivalında sərgilənən gilas növləri ilə birgə Kənd Təsərrüfatı Nazirliyinin Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitu da müxtəlif gilas ağacları tingləri, onların calaqaltıları və gilas bitkisinin yetiştirilməsi texnologiyaları ilə bağlı nəşrlərlə iştirak etdilər. Xaçmaz şəhərindəki “Zəfər” parkında keçirilən festivalda Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, şimal rayonlarının icra hakimiyyətinin rəhbər şəxsləri, alimlər, fermerlər, aqrar sahədə fəaliyyət göstərən şirkətlərin əməkdaşları, eləcə də yerli və xarici qonaqlar iştirak etdilər. Festivalın keçirilməsində məqsəd fermerlərin yetişdirdiyi albalı və gilas növlərini nümayiş etdirmək, fermer və sahibkarlar arasında işgüzar əlaqələri genişləndirmək oldu.