XAÇMAZDA ŞÜBHƏLİ YAZILAR SAKİNLƏRİ NARAHAT EDİR

Xaçmazın bir neçə kəndində sakinləri narahat edən naməlum yazılar peyda olub.

Qaradağlı, Hülövlü və Çarxı kəndlərində gecə saatlarında divar, hasar, qapı və işıq dirəklərinə müxtəlif ifadə və işarələr həkk edilib. Sakinlər yazıların məzmununun onlara məlum olmadığını, bəzi qısa ifadə və sosial şəbəkə ünvanlarının isə xüsusilə uşaqlar və yeniyetmələr üçün risk yarada biləcəyini bildirirlər. Yazıların narkotik vasitələrin təbliğatı ilə bağlı ola biləcəyi də ehtimal edilir. Məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. Hülövlü inzibati ərazi dairəsi üzrə nümayəndə Rəhman İsrafilov bildirib ki, əraziyə baxış keçirilib, yazıların fotoları araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub. Yazıların üzəri isə qara boya ilə örtülüb. DİN-in Quba regional qrupundan bildirilib ki, məsələ polis tərəfindən nəzarətə götürülüb və araşdırılır. Yazıların müəlliflərinin kimliyi, məqsədi və ifadələrin məzmunu araşdırmanın nəticəsində müəyyənləşəcək.