XAÇMAZ MƏKTƏBLİLƏRİ QAFQAZ TV-DƏ

Məktəb dərsləri, kompüter proqramları və nəzəri biliklər... Bəs bütün bunları real iş mühitində sınamaq necə olar? Xaçmazlı məktəblilər peşə təhsili çərçivəsində bu imkanı əldə ediblər.

Onlar Quba şəhərində fəaliyyət göstərən Qafqaz TV-də olub, televiziya sahəsinin texniki imkanları və iş prosesi ilə tanış olublar. Şəmsəddin Sədiyev adına Qımılqışlaq kənd tam orta ümumtəhsil məktəbinin Peşə Təmayüllü Siniflərində kompüter operatorluğu ixtisası üzrə təhsil alan şagirdlər televiziya məkanında müxtəlif çəkiliş prosesi ilə tanış olublar. Səsyazma, montaj və yayım otaqlarında olan məktəblilərə televiziyanın texniki fəaliyyəti, istifadə olunan avadanlıqlar və kompüter proqramları barədə məlumat verilib. Qafqaz TV-də keçirilən görüşdə şagirdlərə gənclər üçün yaradılan üç aylıq təcrübə proqramı haqqında da məlumat verilib. Bildirilib ki, proqram ödənişsiz əsaslarla təşkil olunur. Kursları uğurla başa vuran iştirakçılara sertifikat təqdim edilir. Təcrübə səfəri Peşə Təmayüllü Siniflərin qrup rəhbəri Elçin Ağasiyevin təşkilatçılığı ilə baş tutub. Şagirdləri fənn müəllimi Firəngiz Sultanova və fiziki tərbiyə müəllimi Anar Əliyev müşayiət ediblər. Səfərin məqsədi kompüter operatorluğu üzrə əldə olunan nəzəri bilikləri praktiki bacarıqlarla möhkəmləndirmək, şagirdləri müasir media texnologiyaları ilə tanış etmək və onların peşə dünyagörüşünü genişləndirmək olub. Onu da vurğulayaq ki, belə görüşlər məktəblilərə seçdikləri peşəni daha yaxından tanımaq, nəzəri biliklərini real iş şəraitində müşahidə etmək imkanı yaradır. Bəzən gələcək peşə seçiminə aparan yol elə belə bir təcrübə səfərindən başlayır.