UNESKO-NUN BAŞ QƏRARGAHINDA AZƏRBAYCAN XALÇALARININ SƏRGİSİ AÇILIB

Heydər Əliyev Fondu, Azərbaycanın Fransadakı səfirliyi və UNESKO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Parisdə UNESKO-nun baş qərargahında Fondun “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı sərgisinin açılışı olub.

Sərginin açılışında Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, UNESKO baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Erneste Ottone Ramirez, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, UNESKO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov, Fransada akkreditə olunmuş səfirlər, UNESKO-dakı missiyaların rəhbərləri, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Bildirilib ki, 10 il əvvəl Azərbaycan xalça sənəti UNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına, Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında isə “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu baxımdan Şəki xalçalarının UNESKO-nun baş qərargahında sərgilənməsi böyük əhəmiyyət daşıyır. Daha sonra Bildirilib ki, bu sərgi Azərbaycan mədəniyyətini, xalçaçılığını daha yaxından kəşf etməyə imkan yaradır. Xalça toxuculuğu Azərbaycanın kimliyini əks etdirir. Xalça toxuculuğunun nəsildən-nəslə ötürüldüyü diqqətə çatdırılıb. Şəkinin zəngin mədəniyyət irsindən, ipəkçiliyindən, Azərbaycan memarlığının şedevri olan Xan Sarayından danışılıb. Xalça sənətinin Azərbaycan xalqının estetik və dünyagörüşünü, eləcə də plüralist baxışlarını əks etdirdiyi bildirilib. Diqqətə çatdırılıb ki, bu sənət Azərbaycan xalqının həyatının ayrılmaz hissəsidir. Sərginin rəsmi hissəsindən sonra tədbir iştirakçıları nümayiş olunan xalçaları seyr edib və motivlər, rənglərlə bağlı fikirlərini bölüşüblər. UNESKO-nun baş qərargahında təşkil olunan sərgi fevralın 4-dək davam edəcək.