ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 100 İLLİK YUBİLEYİ ÖZBƏKİSTANDA QEYD OLUNUB
Baxış sayı: 369
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Soqdiana” Özbəkistan xalq çalğı alətləri kamera orkestrinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət “Dostluq” konserti təşkil olunub.
Konsertdə giriş sözü ilə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev şəxsiyyətinin Özbəkistanda da çox sevildiyini və onun irsinin geniş öyrənildiyini qeyd edib. Samir Abbasov Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə daim Özbəkistanla, Türk dövlətləri ilə münasibətlərə xüsusi önəm verdiyini, Heydər Əliyevlə Özbəkistan rəhbəri Şərif Rəşidov arasında hələ Sovet dövründə qurulmuş sıx dostluq əlaqələrinin özbək və Azərbaycan xalqlarının əbədi qardaşlığının ifadəsi olduğunu vurğulayıb.
Samir Abbasov 2023-cü il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Heydər Əliyev ili elan olunduğunu və bu münasibətlə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin il ərzində ulu öndərə həsr olunmuş bir çox tədbirlər və layihələr həyata keçirdiyini söyləyib.
Tədbirdə çıxış edən Özbəkistan Mədəniyyət və turizm nazirinin müşaviri Şavkat Ortikov xalqlarımız və dövlətlərimiz arasında tarixi dostluq və qardaşlıq əlaqələri barədə danışaraq, 2019-cu ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Bakıda Prezident İlham Əliyevlə görüşündə dediyi fikirlərindən sitat gətirib. Özbəklər daim Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevlə fəxr edib.
Çıxış edən Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı katibi professor Erkin Nuriddinov iki xalq arasında mövcud dostluq, qardaşlıq əlaqələri haqqında danışıb, Dostluq tədbirləri, konsertlərinin hər iki xalqı daha da yaxınlaşdırdığını, ortaq mədəni koloritlərə sahib olduğunu bir daha nümayiş etdirdiyini vurğulayıb.
Özbəkistan Respublikasının əməkdar artisti, professor Firuzə Abdurahimovanın rəhbərlik etdiyi Özbəkistanın “Soqdiana” xalq çalğı alətləri kamera orkestrinin ifasında azərbaycanlı bəstəkarlardan Üzeyir Hacıbəyovun, Emin Sabitoğlu, Ələkbər Tağıyevin əsərləri səsləndirilib. Solistlər, beynəlxalq müsabiqə laureatları Sardor Primov, Otabek Nəzirov, Ləzizə Usmanova, Muhammedali Kasimovun ifaları tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.
Konsertdə çox sayda mədəniyyət, incəsənət xadimləri, dövlət nümayəndələri, universitet rəhbərləri, ziyalılar, tələbə və gənclər iştirak ediblər.