UŞAQLARIMIZA PUL QAZANMAĞI NECƏ ÖYRƏDƏK?
Baxış sayı: 134
Maliyyə savadlılığının təməli uşaq yaşlarından qoyulmalıdır. Uşaqların erkən yaşlarından bu bacarığı qazanması onların gələcəkdə daha məsuliyyətli və ağıllı maliyyə qərarları verməsinə kömək edir.
Ekspertlər deyirlər ki, uşaq yaşlarından pul qazanmaq təcrübəsi uşaqlara əmək dəyərini, məsuliyyəti və müstəqil olmağı öyrədir. Uşaqlar kiçik işlər görərək, məsələn, ev işlərində valideynlərə kömək edərək və ya əl işləri hazırlayıb sataraq qazanc əldə edə bilərlər ki, bu da, onlara pulun dəyərini anlamağa və qənaət etməyi öyrənməyə yardım edəcək.
Uşaqların pul idarəetmə vərdişlərini formalaşdırmaq üçün valideynlərin rolu çox böyükdür. Valideynlər övladlarına öz kiçik "büdcələrini" yaratmağa kömək etməli, onların qazandıqları pulları necə xərcləməli və nə qədərini qənaət etməli olduqlarını izah etməlidirlər. Məsələn, hər ay qazandıqları məbləğin bir hissəsini oyunlara, kitab və ya oyuncaq kimi əşyalara, digər hissəsini isə gələcəkdə lazım ola biləcək xərclərə yığmalarını tövsiyə etmək olar.
Psixoloqların fikrincə, uşaqlara bu vərdişlər aşılananda, onların məsuliyyət hissi artır və öz arzularına çatmaq üçün daha səbirli olurlar. Bu da onların təkcə maliyyə deyil, eyni zamanda həyat bacarıqlarını da inkişaf etdirir.
Bu gün uşaqlara pulun dəyərini öyrətmək, onların gələcəyinin etibarlı əsasını qoymaq deməkdir. Uşaqlara pul qazanma və idarəetmə vərdişlərinin öyrədilməsi, onlara gələcəkdə həyatın bir çox sahəsində uğur qazanmağa kömək edəcəkdir.