TARİXİN BU GÜNÜ (28 Aprel)

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 97-ci ildönümü qeyd olunur.

Zərifə Əliyeva 1923-cü ilin 28 aprel tarixində Naxçıvan MR-in Şərur rayonunda anadan olub.1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışıb.Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf edib.Yüksək elmi nailiyyətlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunub. Tarixin bu günü Ümumdünya əməyin mühafizəsi günüdür.Beynəlxalq Əmək Təşkilatının təşəbbüsü ilə 2003-cü ildən etibarən qeyd olunmağa başlayan” Ümumdünya əməyin mühafizəsi günü” hazırda dünyanın yüzdən çox ölkəsində qeyd olunur. Azərbaycan Respublikası 12 may 1992-ci ildə Beynəlxalq Əmək Təşkilatına üzv olub, onun 57 Konvensiyasına qoşularaq təsbit olunmuş prinsip və normaları qəbul edib.Əməyin mühafizəsi işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir. 28 Aprel xanəndə, Azərbaycan Dövlət Filarmoniyasının solisti, Azərbaycan Respublikasının əməkdar müəllimi Nəriman Əliyevin xatirə günüdür. Nəriman Mövsüm oğlu Əliyev 1930 ci il mayın 5-də Bakıda anadan olub.1956 ildə xanəndə Seyid Şuşinski ilə tanışlığı, onunla yaxın ünsiyyəti N. Əliyevin həyatında böyük rol oynamışdır. O S. Şuşinskinin xanəndəlik sinfində təhsil alıb, ondan muğamın sirlərini öyrənərək, muğam bilicisi və müəllim kimi yetişib. S.Şuşinski ənənələrinin davamçısı olmuş, ondan sonra böyük bir xanəndələr nəslini yetişdirib.Ağaxan Abdullayev, Canəli Əkbərov, Səkinə İsmayılova, Qaraxan Behbudov, Məmmədbağır Bağırzadə və bir çox b. xanəndələrin ustadı olub. N.Əliyevin tələbələri respublika və beynəlxalq miqyaslı müsabiqələrin laureatları olub , özü isə dəfələrlə muğam müsabiqələrinin münsiflər heyətində iştirak edib.1988 ildə Muğam Teatrına məsləhətçi kimi dəvət olunan Nəriman Əliyev 1960 ildən ADF-nın solisti olub, konsertlərdə çıxış edib. Xanəndə 1998-ci ilin bu günü Bakıda vəfat edib. Hər il 28 aprel - 4 may tarixləri arasında Qardaşlıq Həftəsi' olaraq qeyd olunur. Qardaşlıq həftəsinin məqsədi insan olmağın, ən vacib vəzifəsinin qarşı tərəfə münasibət, səhvlərini bağışlamaq, dözümlü olmaq və bütün bəşəriyyətin dincliyi və xoşbəxtliyi üçün çalışmaq olduğunu xatırlamaqdır.