TARİXDƏ BU GÜN (29 Aprel)

Aprelin 29-u Beynəlxalq Rəqs Günüdür. 1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən təsis olunan bu əlamətdar tarix fransalı baletmeyster, balet nəzəriyyəçisi və islahatçısı Jan Jorj Noverrin anadan olduğu gündə qeyd olunur.

Günün təsis olunmasında məqsəd ictimaiyyətin diqqətini rəqs sənətinə cəlb etməkdir.Kökləri eramızdan əvvəlki minilliklərə gedib çıxan milli rəqslərimiz tariximizlə ayrılmaz surətdə bağlı olub, xalqımızın milli xüsusiyyətini, həyat və məişətini əks etdirir.Azərbaycan xalq rəqsləri olduqca rəngarəngdir. Onlar quruluş, süjet və mövzu baxımından biri-birindən çox fərqlənir. Bu gün məşhur olan milli rəqslərimizə – “Heyvagülü”, “Uzundərə”, “Tərəkəmə”, “Cəngi”, “İnnabı”, “Qaytağı”, “Qoçəli”, “Vağzalı”, “Yallı” və digərlərini misal gətirmək olar.Dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən yaradılan Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı bu gün də tamaşaçılara bir-birindən gözəl rəqslər və xoş ovqat bəxş edir. Bu gün görkəmli kinorejissor, Azərbaycanın və SSRİ-nin Xalq artisti Əjdər İbrahimovun doğum günüdür.1919-cu il aprelin 29-da dünyaya gələn rejissor 1952-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsini bitirib.Bakı kinostudiyasında işə başlayan Əjdər İbrahimov 1954-cü ildə "Bəxtiyar" və 1955-ci ildə çəkilən "Görüş" filmlərində ikinci rejissor olub. Quruluşçu rejissor kimi ilk böyük işini 1957-ci ildə reallaşdırıb və "Mosfilm"lə Bakı kinostudiyanın birgə istehsalı olan "Bir məhəllədən iki nəfər" filminə quruluş verib. 1958-ci ildə "Onun böyük ürəyi" filmini çəkib. Rejissorun bədii rəhbərliyi ilə "İki əsgər", "Acgöz quş", "Bir payız günündə" filmləri lentə alınıb.Sonralar "Mosfilm"də rejissor kimi öz fəaliyyətini davam etdirən kino xadimi ekran həyatı verdiyi "Ürək əhvalatları", "Məhəbbətim mənim, kədərim mənim" filmləri ilə böyük şöhrət qazanıb.Nüfuzlu mükafatlarına layiq görülən Əjdər İbrahimov 20 sentyabr 1993-cü ildə vəfat edib. 29 Aprel Azərbaycanın əməkdar incəsənət xadimi Ədilə Hüseynzadənin doğum günüdür.Ədilə Hacıağa qızı Hüseynzadə 28 aprel 1916-cı ildə dünyaya göz açıb.Bəstəkar Üzeyir Hacıbəyovun təşəbbüsü və xeyir-duası ilə musiqi aləminə gəlib, 1942-1948-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının xalq musiqisi şöbəsində Üzeyir bəydən dərs alıb.O, Azərbaycan Dövlət Konservatoriyasını 1953-cü ildə bəstəkarlıq ixtisası üzrə bitirən ilk azərbaycanlı qadındır.Ə.Hüseynzadə bir çox janrlarda uğurla çalışaraq simfonik poema, simli kvartet, kantata, xor miniatürləri yaradıb. Ə.Hüseynzadənin Nizaminin sözlərinə yazılan “Vəslin həvəsi” romansı, habelə Nəsimi, Füzuli, Səməd Vurğun, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Rəsul Rza və Nigar Rəfibəylinin şerlərinə bəstələnmiş romansları və şəksiz nailiyyəti olan “Duyğular” vokal silsiləsi musiqimizin inciləridir.Ə.Hüseynzadə Ü.Hacıbəyovun “Arşın mal alan” operettası əsasında çəkilən bədii filmdə Asya rolunu səsləndirib.Ədilə xanım uzun illər Bülbül adına orta ixtisas musiqi məktəbində bəstəkarlıq fənnindən dərs deyib.Dahi Üzeyir Hacıbəyovun son və sevimli tələbələrindən biri olan Ədilə Hüseynzadə 2005-ci ildə vəfat edib.