TƏYYARƏ İLƏ İÇMAĞA GÖRƏ UTANANLARIN SAYI ARTIR

Almaniyada yeni ictimai hərəkat yaranmaqdadır. Bu hərəkatın iştirakçıları insanları aviaşirkətlərin xidmətlərindən az istifadə etməyə, daha çox yerüstü və ya dəniz nəqliyyatına üstünlük verməyə çağırırlar.

Alman dilində hətta “ilin sözü” tituluna iddia edə biləcək yeni bir söz yaranıb: “Flugscham”. Bu sözün tərcüməsi “uçuşa görə xəcalət” deməkdir. Hər dəfə təyyarəyə minməyə gedərkən belə hisslər keçirən almanların sayı getdikcə artmaqdadır, çünki təyyarə uçarkən atmosferə böyük miqdarda karbon qazı (CO2) atılır, bu isə qlobal iqlim dəyişmələrinə səbəb olur. Bununla belə, həmin hərəkat aviabiletlərin satışının həcmində hər hansı şəkildə əks olunmur. Üstəlik, bu ilin əvvəlindən indiyə qədər almanların aldığı aviabiletlərin sayı ötən ilin müvafiq dövrü ərzində satılmış aviabiletlərin sayından 4 faiz çoxdur. Deyəsən təyyarədə uçmağa görə xəcalət çəkənlər İlf və Petrovun “On iki stul” əsərinin qəhrəmanı Starsobes Aleksandr Yakovleviçin alman variantıdır. “Alxen” ləqəbli həmin qəhrəman hər dəfə oğurluq edərkən daxili narahatlıq keçirir, lakin xəcalət hissi onu bu əməl ilə məşğul olmağa davam etdirməkdən çəkindirə bilmir. “Xəcalət çəkənlər” hərəkatının üzvləri də belədir – uçurlar və xəcalət çəkirlər.