TƏHLÜKƏLİ DURUMLARDAN QURTULUŞ YOLLARI
Baxış sayı: 630
Öncə partlayış səsləri, sonra binada çıxan yanğın, kimyəvi maddənin çevrəyə yayılma təhlükəsi, yaşayış binasından yardım səsləyən vətəndaşlar, yol qəza hadisəsi, yaralıların və yardıma ehtiyaca olanların təhlükəli yerlərdən uzaqlaşdırılması, təbii fəlakət anında yaşananlar. Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin, Şimal Regional Mərkəzinin, rayonun hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin ümumilikdə 247 nəfər şəxsi heyəti və 70 ədəd texnikasının cəlb edildiyi bütün bu olaylar Qubada baş verdi. Amma kompleks mülki müdafiə təlimləri məqsədilə.
6-8 iyun 2022-ci il tarixlərində "Azərbaycan Respublikasının 2022-ci il üçün Mülki müdafiə tədbirləri planı" çərçivəsində Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəhbərliyi ilə Quba rayonunda "İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.
Təlimdə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, FHN-in aidiyyəti qurumlarının nümayəndələri, rayon Fövqəladə Hallar Komissiyası (FHK), İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri, idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər iştirak ediblər.