TÜRK DÜNYASI SIĞORTA HOVUZU YARADILIR
Baxış sayı: 586
Azərbaycan sığorta şirkətləri risklərini yeni təkrar sığorta ünvanına - Türk Dünyası Sığorta Hovuzuna yönəldə biləcəklər. Ümumiyyətlə, sığorta hovuzu sığorta şirkətlərinin hüquqi şəxs olmayan könüllü birliyidir. Bu iştirakçılar hovuz adından bağlanan sığorta müqavilələri üzrə birgə məsuliyyət daşıyırlar. Adətən, iri risklərin sığortası və ya təkrar sığortası zamanı sığorta hovuzlarına ehtiyac duyulur. Bu, sığorta əməliyyatının maliyyə dayanıqlılığını artırır. Habelə birgə əməkdaşlıq türk respublikalarının sığorta şirkətlərinin qarşılıqlı təcrübə mübadiləsinə imkan verəcək. Qeyd edək ki, yeni anlaşma postsovet məkanının türk respublikalarına Türkiyənin zəngin təcrübəsindən yararlanmaq imkanı yaradır.Yəni Türk Dünyasında yerli sığorta hovuzunun yaradılması həm də müəyyən qədər yerli iqtisadiyyatların likvid vəsaitlərə olan ehtiyacının qarşılanmasına imkan yaradacaq. Bu isə həm də yeni iş yerlərinin açılması, məşğulluq probleminin həlli və insanların rifahının yaxşılaşdırılması deməkdir.