TÜRK DÜNYASI GÖRKƏMLİ ŞAİRİMİZİ ANDI

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsi, Mirzə Ələkbər Sabir Fondu və ADPU Quba filialının təşkilatçılığı ilə onlayn rejimdə konfrans keçirilib. Konfransda TÜRKSOY, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin, türk ölkə və topluluqlarını təmsil edən digər qurum və quruluşların nümayəndələri, tanınmış ziyalılar iştirak edib. Tədbirə moderatorluq edən Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, Beynəlxalq “ALAŞ” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı cəmiyyətin inkişafına şair, satirik, maarifpərvər ictimai xadim, pedaqoq olaraq öz töhfələrini vermiş M.Ə.Sabirin əsərlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 2019-cu il tarixli, 211 saylı Qərarı ilə dövlət varidatı elan edildiyini vurğulayıb.Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva tədbir iştirakçılarını salamlayaraq bu önəmli tədbirə qatıldıqlarına görə onlara öz təşəkkürünü bildirib. Q.Paşayeva Sabir yaradıcılığının İKT üzərindən daha geniş şəkildə tanıdılmasında M.Ə.Sabir Fondunun rolunu qeyd edib.