Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu 6-16 yaş qrupuna daxil olan məktəblilər arasında “Dünyamızı qoruyaq: Türk Dünyasının adət-ənənələri” mövzusu üzrə beynəlxalq onlayn rəsm müsabiqəsini elan edib və uşaq və yeniyetmələrimizi bu müsabiqədə fəal iştirak etməyə dəvət edir.
Müsabiqə bədii təxəyyülə malik istedadlı məktəblilərə dəstək olmaq, onların yaradıcılığının tanıdılmasına əlavə imkanlar yaratmaqla rəssamlıq fəaliyyətini stimullaşdırmaq, eləcə də gənc nəsilləri türkdilli xalqların zəngin mədəni irsinin, qədim adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunmasına və dünyada təbliğinə cəlb etmək məqsədini daşıyır.Rəsm əsərləri türkdilli xalqların günümüzədək yaşadılan milli adət-ənənələrini, mərasimlərini, həmçinin türk dünyasının ortaq mədəniyyətinin xüsusiyyətlərini özündə əks etdirməlidir. Müsabiqədə iştirak edəcək məktəblilərin özləri barədə ətraflı məlumat (adı, soyadı, təvəllüdü, yaşadığı ölkə, şəhər, ünvan və əlaqə nömrəsi, eləcə də təsvir etdiyi kompozisiya və ya adət-ənənə haqqında ana dili və ingilis dilində qısa məlumat) əlavə edilməklə rəsm əsərləri 1 may 2020-ci il tarixinədək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçtuna göndərilməlidir. Təqdim olunan rəsm əsərləri xüsusi olaraq yaradılacaq internet saytında onlayn qaydada sərgilənəcəkdir.Sonda qaliblər xüsusi diplom və mükafatlarla təltif olunacaqlar.