TÜRK DÖVLƏTLƏRİ BÖYÜK GÜCƏ ÇEVRİLİR

Şərqdən Qərbə uzanan türk dövlətləri ilə ölkəmizin əlaqələrinin genişlənməsi, heç şübhəsiz, Azərbaycanın bu coğrafiyanın əsas tranzit mərkəzi olması ilə də bağlıdır. Bu mənada region dövlətləri ilə əlaqələrimizin dinamik inkişafı hər zaman müşahidə olunur. Son bir neçə ildə dövlət başçısının Mərkəzi Asiya ölkələrində baş tutan sammitlərdə, mühüm toplantılarda ardıcıl iştirak etməsi, həmçinin türk dövlətləri başçılarının Azərbaycanda keçirilən tədbirlərdə birbaşa iştirakı ölkəmizə olan marağın əyani təcəssümüdür. Mərkəzi Asiya ölkələrinin inkişaf etməsini və ixracyönümlü məhsul istehsalını müsbət qiymətləndirən Azərbaycan Prezidenti İlham Əliyev gələcəkdə bu dövlətlərdən Xəzər dənizi vasitəsilə yükdaşımaların artacağını vurğulayır. Xəzərdə ən böyük ticarət donanmasına malik olmağımız isə bizə bununla bağlı müsbət mesajlar verir. Məhz Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstanın paytaxtı Astanada keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə iştirak etməsi bu baxımdan mühüm səfər kimi qiymətləndirilir. Qeyd edək ki, dövlət başçısının Mərkəzi Asiya ölkələrinə son iki ildə sayca 16-cı səfərində türk dövlətləri başçıları mühüm sənədlərə imza atdılar. Belə əhəmiyyətli sənədlər energetika, nəqliyyat və logistika, sənaye sahələrində daha da inkişafyönümlü yol xəritəsinin hazırlanmasına, qlobal miqyasda daha da böyük işlərin görüləcəyinə işarə edir. Şərqlə Qərb arasında mühüm tranzit ölkə və etibarlı tərəfdaş olan Azərbaycanın beynəlxalq səviyyədə cərəyan edən proseslərə təsir imkanlarının genişlənməsi isə hələ bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin, beynəlxalq təşkilatların sayını durmadan artıracaq .