"TÖRƏNİN İZİNDƏ" VERİLİŞİNİN ÇƏKİLİŞLƏRİNƏ BAŞLANILDI

ARB telekanalında Media Agentliyinin dəstəyi ilə yayımlanacaq "TÖRƏNİN İZİNDƏ" verilişi Türk dünyasında böyük maraq doğuracaq. Bu veriliş Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Macarıstan və digər Türk dövlətlərinin elm, sənət və biznes sektorlarının önəmli mütəxəssislərini bir araya gətirəcək. Türk Birliyinin güclənməsi istiqamətində aparılacaq müzakirələrdə əsas mövzular - Türk dünyasında törə ,mənəvi dəyərlər , strateji araşdırmalar mərkəzi, ortaq dil, iş birliyi, iqtisadi güc mərkəzinə çevrilmək üçün birgə çalışma ideyaları, Türk yaşam biçiminin yaradılması və Türk dünyasının yaradıcı sənayesinin qurulmasıdır.Verilişin aparıcısı və quruluşçu rejissoru Eltən Törəçi, rejissoru Dəyanət Rzayev, redaktoru İlham Tumas, prodüseri Anar Qədimbəyli, layihə rəhbəri isə İslam Ağadır. Bu yaradıcı komanda, Türk dünyasının dərin dəyərləri və gələcək əməkdaşlıq potensialını izləyicilərə çatdıracaq. Verilişi digər proqramlardan fərqləndirən cəhətlərdən biri onun dekorasiyasının təbiətdə, əski Türk çadırının önündə qurulmasıdır. Aparıcı Eltən Törəçi qədim Türk geyimində, bardaş quraraq oturur və qonaqları ilə birlikdə əski türkcə danışır. Bundan əlavə, proqram boyunca aparıcı və qonaqları ox atır və ocaqda dəmlənmiş qəhvə içərək Türk ənənələrini canlandırırlar. İzləyicilər bu xüsusi tərtibat sayəsində özlərini sanki əski Türk dövrlərinə qaytarılmış kimi hiss edəcəklər. Verilişin çəkilişləri Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrdə, o cümlədən Azərbaycanda aparılacaq. Qeyd edək ki, bu proqramda, Türk dünyasının mədəni, elmi və iqtisadi birliyini gücləndirmək məqsədilə geniş müzakirələr aparılacaq və ortaq dəyərlərin önəmi vurğulanacaq. Yaxın zamanda ARB telekanalında yayımlanacaq "TÖRƏNİN İZİNDƏ" verilişi Türk dünyasının birliyinə və gələcəyinə dəyərli töhfələr verəcək.