SİYƏZƏNDƏ KOMPLEKS MÜLKİ MÜDAFİƏ TƏLİMİ KEÇİRİLDİ
Baxış sayı: 9
Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Siyəzən rayonunda kompleks mülki müdafiə təlimi keçirilib. Təlimlər fövqəladə hallara hazırlığın yoxlanılması məqsədi daşıyır. Burada xilasedicilər müxtəlif ssenarilər üzrə operativ müdaxilə bacarıqlarını nümayiş etdirirlər.Təlim “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusuna həsr olunub. Tədbirdə FHN-in Şimal Regional Mərkəzinin rəisi polkovnik Fuad İlyasov, rayon rəhbərliyi və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.Əvvəlcə təlim çərçivəsində qərargahda müşavirə keçirilib. Çıxışlarda fövqəladə hallar zamanı qurumlararası koordinasiyanın və operativ qərar qəbuletmənin vacibliyi vurğulanıb.Daha sonra təlimin praktiki mərhələsinə start verilib. Ssenariyə uyğun olaraq şərti fövqəladə hadisə baş vermiş ərazidə kəşfiyyat aparılıb, ərazi mühafizəyə götürülüb, yanğınların söndürülməsi və axtarış-xilasetmə işləri həyata keçirilib. Eyni zamanda zərərçəkmişlərə ilkin tibbi yardım göstərilib, onların təhlükəsiz ərazilərə təxliyəsi təşkil olunub, çadır şəhərciyində müvəqqəti yerləşdirilməsi prosesi simulyasiya edilib.Ümumilikdə təlimə 196 nəfər şəxsi heyət və 29 ədəd texnika cəlb olunub. Təlim zamanı qurumlar arasında qarşılıqlı fəaliyyət yoxlanılıb və fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması məqsədilə qarşıya qoyulan tapşırıqlar icra edilib.
