SAHİBKARLARIN PROBLEMLƏRİ MÜZAKİRƏ EDİLİB

Şimal bölgəsində işsizlik problemlərinin həlli istiqamətində atılan addımlardan biri də yerli sahibkarları narahat edən məsələlərin həlli istiqamətində görülən işlərdir. Bölgədən olan sahibkarların üzləşdikləri çətinliklər, onları maraqlandıran sulları cavablandırmaq məqsədi ilə Milli Məclisin deputatı Millət vəkili Vahid Əhmədovun təşəbbüsü, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə Xaçmazda sahibkarlarla görüş keçirilib. “Xaçmaz KOB evi”ndə təşkil olunan görüşdə Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzəndən olan sahibkarlar iştirak ediblər. Görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Milli Məclisin deputatları Vahid Əhmədov və Sevil Mikayılova, eləcə də ətraf rayonların icra hakimiyyətlərinin və sahibkarlara xidmət göstərən qurumların nümayəndələri regionda meyvə-tərəvəz istehsalı ilə məşğul olan sahibkarların problemlərini dinləyiblər. Müzakirələr əsasən regionda yetişdirilən meyvə-tərəvəz məhsullarının emalı üçün müəssisələrin yaradılması, ixracla bağlı çətinliklər, yerli məhsulların satışının təşviqi, logistika və daşınma ilə bağlı problemlər, qablaşdırma və kadr məsələləri, sahibkarların maliyyə resurslarına çıxışı, kommunal xidmətlərə qoşulma, sahibkarların qarşılaşdıqları problemlərin aradan qaldırılması yolları ətrafında aparılıb. Sahibkarların təklifləri dinlənilib və sualları cavablandırılıb. Görüşdə iştirakçıların diqqətinə çatdırılıb ki, sahibkarlar tərəfindən qaldırılan məsələlərin həlli və səsləndirilən təkliflərin icrası məqsədilə aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görüləcək.