SAHİBƏ QAFAROVA ERMƏNİ SPİKERİ SUSDURDU

Özbəkistanın Səmərqənd şəhərində Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının 54-cü plenar iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova iclasda çıxış edib.Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, iclasın gedişində Ermənistan parlamentinin spikeri Alen Simonyan çıxış edərək, Azərbaycanın ünvanına həqiqətdən uzaq iddialar səsləndirib. Bunun ardınca Milli Məclisin sədri Sahibə Qafarova ikinci dəfə söz alaraq, Ermənistan parlamentinin spikerinə cavab verib. O, deyib -burada iddia olundu ki, Azərbaycan Ermənistan ərazisini işğal edib. Bu, tamamilə əsassız və yalandır. Çox təəccüblüdür ki, bu iddianı 20 faiz torpaqlarımızı 30 il işğal altında saxlayan bir ölkənin nümayəndəsi səsləndirir. Digər tərəfdən Qazax rayonunun 7 kəndi və Naxçıvan Muxtar Respublikasının Kərki kəndi hələ də Ermənistanın işğalı altındadır. Milli Məclisin sədri daha sonra vurğulayıb: “Azərbaycanın heç vaxt Ermənistan ərazilərini işğal etmək niyyəti olmayıb. Nə bir şəhər, nə də bir kənd işğal olunmayıb. Sentyabrın 13-də Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribat törədib. Ölkəmizin ərazi bütövlüyünə, hərbçilərin və mülki şəxslərin həyatına təhdid törədən bu təxribatın qarşısını almaq üçün Azərbaycan Ordusu cavab tədbirləri görüb”. Sonda spiker Sahibə Qafarova erməni spikerin öz çıxışında səsləndirdiyi “Dağlıq Qarabağ” ifadəsinə etirazını bildirərək, Azərbaycanda Dağlıq Qarabağ adlı ərazi vahidinin olmadığını deyib, bu ərazilərin Qarabağ regionu olduğunu qeyd edib.