SAATSAZLIQ İŞİ TARİXƏ DÖNÜŞÜR

Bir çağ digərinin yerini aldqıca çağdaşlaşan və yenilənən dünyada qədim gələnəklərin bu çağdaşlamanın kölgəsində qalaraq sıradan çıxması və unudulması üzücüdür. Unudulan gələnəklərlə bərabər isə bəzi sənətlər də artıq tarix olmaqdadır. Saatsazlıq sənəti kimi. Eşidəndə ki, Quba kimi elmin, sənətin inkişaf etdiyi bir rayonda yalnız bir saatsaz var inanmadıq. Bunu bir də Quba sakinlərindən soruşmaq istədik, Quba sakinlərinin də dediyi həmin o yeganə saatsaz isə ömrünün 43 ilini bu işə həsr edən Nazim Zəkiyevdir. Nazim bəy danışmağı sevmir. Danışmaq yerinə bütün diqqətini işə ayırmağa üstünlük verir. Biz də onun işini bu qədər sevdiyini bildiyimizdən diqqətini işdən ayırmadan danışmaq istədik. Nazim Zəkiyevlə danışanda bir də əmin olduq ki, rayonun yeganə saatsazı olan Nazim bəy üçün vaxtı və çağı nə qədər önəmlidir. Beləcə Qubalı Nazim Zəkiyev kiçik emalatxanasından içəri daxil olanları əliboş, saatsız geri qaytarmır, həkim xəstəyə baxan kimi, yanına gətirilən hər saata baxıb diaqnoz qoyur və o andaca işə başlayır. Əsl sənətə bağlılıq, işinin sevmək də bu olsun gərək. Nazim Zəkiyev işi ilə yaşayıb, işini yaşadanlardandı. Həm də sevərək.