Səlcuqlar - öz liderləri olan Səlcuqun adını daşıyan, oğuz türk tayfalarının bir qoludur.
XI əsrin ortalarında yaranmış Səlcuqlu dövləti dünya tarixində silinməz izlər buraxıb. Özünün ən böyük inkişaf dövründə o, demək olar ki, bütün indiki Orta Asiyanı, İranı, Əfqanıstanın bir
hissəsini, Zaqafqaziyanı, Qərbi və Kiçik Asiyanı əhatə edirdi.
Səlcuqların Dağıstana yürüşü Sultan Alp Arslanın (1063-1072) dövründə başlayır. Orta əsr mənbələri onu “min iki yüzdən çox padişahın” tabe olduğu “böyük fateh” kimi təsvir edir.
Sultan Alp Arslan Azərbaycanı işğal etdikdən sonra, 1067-ci ildə Səlcuq türklərinin Dərbəndə qarşı ilk yürüşü başladı. Bu barədə “Tarix-i Şirvan və Bab”ın (XI əsr) müəllifi “...Hacı Sau- Təkinin nizami qoşun dəstəsi ilə əl-Baba hücumu” (Dərbəndin ərəbcə adı) əsərində yazır. Lakin səlcuqlar şəhər üzərində nəzarəti ələ ala bilmədilər. Belə ki, üsyana qalxan şəhər sakinlər qısa müddət ərzində Dərbəndi Səlcuq işğalından azad etdilər. 1069-cu ildə Səlcuqlu sərkərdəsi Yaqama Dərbəndi ələ keçirtmək üçün növbəti cəhd etdi. Və yalnız 1075-ci ildə Səlcuqlular Dərbəndi ələ keçirə bildilər. Səlcuqlu hökuməti iri şəhərlərdə mədrəsələrin tikintisinə böyük önəm verirdi. XII əsrin əvvəllərində Dərbənddə və onun ətrafındakı bəzi ərazilərdə mədrəsələr inşa edilməyə başlanıldı. Şimali Qafqazda ilk mədrəsə Nizam əl-Mülkün (Səlcuq vəziri, milliyətcə fars) əmri ilə Tsaxur kəndində inşa edildi. Bu mədrəsə “Nizamiyyə” adlandırıldı.
Səlcuqlar həm də Dağıstanda təhsilin inkişafına böyük diqqət ayırırdılar. Bunu ərəbdilli mənbələrdə Dərbənddən gəlmiş alimlərə istinadlar sübut edir. İslam aləmində yaxşı tanınan hədis üzrə mütəxəssis, böyük müsəlman əşəri ilahiyyatçısı və mistiki, Səlcuqlular dövrünün ilkin sufizm nəzəriyyəçisi Əbu Bəkr Məhəmməd ibn Musa əd-Dərbəndinin adını çəkmək kifayət edir. Dərbənd XII əsrin ikinci yarısına qədər Səlcuq Sultanlığının hakimiyyəti altında olub. Səlcuq türklərinin demək olar ki, bir əsrlik hökmranlığı türkçülüyün Cənubi Dağıstana daha da nüfuz etməsinə və burada İslamın mövqeyinin güclənməsinə şərait yaratdı. Onuda qeyd edək ki, ərəblərdən sonra İslamın daha geniş arealda yayılmasında Səlcuq türklərinin böyük rolu olub.