Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Xaçmazda vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin 2022-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov Xaçmaz şəhərində Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirib. Qəbuldan əvvəl Arzu Rəhimov Xaçmaz rayon İcra Hakimiyyətnin başçısı Elnur Rzayevlə birlikdə ümummilli lider Heydər Əliyevin Xaçmaz şəhərnin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Xidmət rəisi, general-polkovnik Arzu Rəhimovun keçirdiyi qəbulda 22 vətəndaşın müraciəti dinlənilib. Müraciətlər əsasən həqiqi hərbi xidmətə və ya işə qəbul, övladının xidmət yerinin müəyyənləşdirilməsi, veteran adı və vəsiqəsinin verilməsi, eləcə də digər məsələlər ilə bağlı olub. Qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, araşdırılmasına ehtiyac olan məsələlər qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi üçün nəzarətə götürülüb. Bəzi vətəndaşlar tərəfindən qaldırılan və Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb. Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün daha rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.