SƏDƏRƏK RAYONUNDA “ZƏFƏR GÜNÜ” TƏDBİRİ KEÇİRİLİB

Ölkəmizin ərazi bütövlüyünün bərpasının, əzəli və əbədi torpaqlarımızın azadlığının təcəssümü olan milli bayram – Zəfər Günü münasibətilə noyabrın 7-də Sədərək rayonunda tədbir keçirilib. Əvvəlcə rayon və Muxtar Respublika rəsmilərinin iştirakı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub. Daha sonra Şəhidlər Xiyabanı ziyarət edilib. Rayonun Mədəniyyət Sarayında keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Çıxış edənlər Vətən müharibəsi iştirakçılarını, qaziləri, şəhid ailələrini, xalqımızı bayram münasibətilə təbrik etdilər.Diqqətə çatdırıldı ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi torpaqlarımızın düşmən işğalından azad edilməsi ilə nəticələnib, 19-20 sentyabr 2023-cü il tarixlərdə keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin bütün ərazisində dövlət suverenliyimiz və konstitusiya quruluşu bərpa edilib. Vurğulandı ki, 20 illik hakimiyyəti dövründə Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edən, Azərbaycanın ərazi bütövlüyünü qoruyan və bərpa edən prezident İlham Əliyev bu missiyanı uğurla yerinə yetirdi. Daha sonra bədii hissə ilə davam edən tədbirdə rayon musiqi məktəbinin şagirdləri və müəllimləri Vətənə və qələbəyə həsr olunmuş musiqi nömrələri ifa edib. Sonda 44 günlük Vətən Müharibəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib.