Rusiya televiziyası Azərbaycandan çəkiliş edib

“Rossiya– Kultura” televiziyası Naxçıvanda çəkilişlər aparıb

“Rossiya– Kultura” televiziyasının Azərbaycan elminin inkişafı haqqında hazırladığı filmin çəkilişlərinin bir hissəsi Naxçıvan Muxtar Respublikasında aparılıb.Muxtar respublikada çəkilişlərinə aprelin 6-dan başlanılan “Rossiya– Kultura” televiziyasında yayımlanacaq verilişin redaktoru Marina Orlova, rejissoru Aleksey Jukov, kinooperatoru isə Maksim Xəlilovdur. İlk gün Heydər Əliyev Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma altında Muzey Kompleksi, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi və Gülüstan türbəsində çəkilişlər aparılıb. Aprelin 7-də isə çəkiliş heyəti Qarabağlar Türbə Kompleksində və Duzdağ Fizioterapiya Mərkəz

ində olublar. Tarixi abidələrdə çəkiliş aparan televiziyanın əməkdaşlarına muxtar respublikanın qədim tarixi və adət-ənənələri haqqında ətraflı məlumat verilib.

Çəkilişlər zamanı muxtar respublikada türk-islam mədəniyyəti abidələrinin elmi tarixi əsaslarla bərpa və təmir edilməsi önə çəkilib.

Qonaqlar aprelin 8-də AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda ayrı-ayrı şöbə və laboratoriyalarda olub, burada da çəkilişlər aparıblar.

Həmçinin Naxçıvan teleradiosu ilə də tanışlıq olub. Çəkiliş qrupunun rəhbəri Marina Orlova müsahibəsində deyib ki, Naxçıvanın tarixi abidələri çox xoşuna gəlib: “Buradakı hər bir tarixi abidənin fərqli memarlıq üslubunun olması diqqətimi çəkdi. Qarabağlar Türbə Kompleksində də olduq. Məlumat verildi ki, bu tarixi abidə qədim quruluşu qorunmaqla elmi əsaslarla yenidən bərpa edilib. Təəssüflənirəm ki, biz bu gün qayıdırıq. Bu qədim, zəngin diyardan xoş təəssüratlarla ayrılırıq. Çalışacağam, yenidən bu gözəl diyara gəlim”.

Şəhərin təmizliyindən danışan qonaq bildirib ki, çoxdandır belə təmizliyi heç yerdə görməyib. Ucqar kəndlərdə abad yollar var, hər bir kəndə təbii qaz, işıq çəkilib. Kəndlərdə sürətli internet də mövcuddur.

Marina Orlova qeyd edib ki, Naxçıvan televiziyası ən müasir texnoloji avadanlıqlarla təchiz olunub: “Naxçıvanda 2011-ci ildən rəqəmsal yayıma keçilib. Rusiyada rəqəmsal yayıma hələ indi keçirlər. Televiziyanın studiyaları, montaj otaqları, arxivi, radiosu, kitabxanası müasir standartlara cavab verir. Bunların hər biri gələcəyə hesablanmış işlərdir. “Nuhçıxan” İnformasiya Agentliyinin kollektiv üçün də müasir iş şəraiti yaradılıb, kompüter və digər avadanlıqlar istifadəyə verilib. Təbii ki, bütün bunların hər biri məndə xoş təəssürat yaratdı. Mən özüm peşəkar televiziya işçisiyəm və burada yaradılan şəraitə peşəkarcasına qiymət verirəm”.