RUSİYA QONDARMA REJİMİN “PREZİDENT”LƏRİNİ NİYƏ TƏHVİL VERDİ ?

Qarabağdakı separatçıların keçmiş rəhbərləri Bakıya gətirilib. Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti bilgi yayıb. Belə ki, Qarabağdakı qondarma rejimin keçmiş “prezident”ləri Arkadi

Qukasyan və Bako Saakyan, eləcə də “Daşnaksütyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş “parlament sədri” David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib. Habelə Azərbaycan Dövlət Təhlükəsizliyi xidməti tərəfindən Qarabağda qondarma rejimin “prezident”i olmuş Araik Arutyunyan da saxlanılanılıb. Əlbətdə ki, bu şəxslər illərlə törətdikləri və rəhbərlik etdikləri cinayət əməllərinə görə qanun qarşısında cavab verəcəklər. Bəs bu cinayətkarları hansı cəza gözləyir ?Xatırladaq ki, Azərbaycanın Baş Prokurorluğu tərəfindən Arutyunyan barəsində hələ 2020-ci ilin oktyabrında cinayət işi açılıb. Belə ki, o, həm də Gəncə şəhərində mülki əhaliyə qarşı törədilmiş terror əməllərinə görə ittiham olunur. Həmin ilin oktyabrın 4-də Arutyunyanın özü də rəsmi sosial şəbəkə hesablarında Gəncənin mülki əhalisinin sıx yaşadığı məntəqələrin ağır artilleriyadan atəşə tutulması barədə göstəriş verdiyini etiraf etmişdi. Qeyd edək ki, 2020-ci il sentyabrın 27-sində başlayan Vətən müharibəsinin qələbə ilə bitməsindən sonra Üçtərəfli Bəyanata əsasən, həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edib. Bundan sonra Azərbaycan qətiyyətli addımlar ataraq separatçıların bütün məkrli planlarını darmadağın edib. Sentyabrın 19-da Ordumuzun keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçı rejim ağ bayraq qaldıraraq özünü buraxmağa məcbur edilib.