RUSİYA BAZARI ERMƏNİSTANIN ÜZÜNƏ BAĞLANDI

Rusiya Fitosanitar Xidmətinin TASS-a verdiyi bilgiyə görə, Rusiya daha əvvəl aşkar edilmiş pozuntuların aradan qaldırılmasına qədər

Ermənistanın daha iki müəssisəsinin məhsullarının sertifikatlaşdırılmasını müvəqqəti dayandırmaqla Ermənistandan balıq məhsullarının idxalına məhdudiyyətləri genişləndirib. Nəticədə Ermənistandan bütün balıq məhsullarının idxalı dayandırılıb. Agentlik xatırladıb ki, sistem pozuntularından sonra Rosselxoznadzor əvvəllər Ermənistan tərəfinə yoxlamada bilavasitə iştirak edən müəssisələr – “MF Export” MMC və “Invest Plus” MMC istisna olmaqla, bütün balıq məhsullarının sertifikatlaşdırılmasını müvəqqəti dayandırmağı xahiş edib. Sözügedən müəssisələrdə gücləndirilmiş laboratoriya monitorinqi rejimi tətbiq edilib. “Sonradan materialların təhlili əsasında ilkin hesabat hazırlanıb və müəyyən edilmiş pozuntuların aradan qaldırılmasına və lazımi təsdiqedici sənədlərin təqdim edilməsinə qədər bu müəssisələr üçün məhsulun sertifikatlaşdırılmasının müvəqqəti dayandırılması barədə qərar qəbul edilib”, -deyə agentlikdən bildirilib. Qeyd edək ki, Rusiya bazarına tədarükü nəzərdə tutulan balıq və balıq məhsullarının təhlükəsizliyini təmin etmək məqsədilə agentliyin Ermənistan tərəfi ilə iş apardığı vurğulanıb. Xatırladaq ki, hələ bu il İyunun 12-dən etibarən Rusiyanın Fitosanitar Xidməti Ermənistandan olan bütün məhsulların, eləcə də Ermənistan ərazisindən reeksport edilən malların idxalına qadağanın müddətini uzadıb. Əvvəlcə bu il mayın 22-də Rusiya güllərin, ardınca isə mayın 30-da təzə tərəvəz və giləmeyvə, pomidor, xiyar, bibər, göyərti və çiyələk idxalına qadağa qoyub. İyunun 2-dən çəyirdəkli meyvələrə və üzümlərə, iyunun 3-dən isə sitrus meyvələrinə, kartofa, badımcana və quru meyvələrə məhdudiyyətlər uzadılıb. Bundan əlavə, mineral su, konyak və şərab məhsullarının idxalı da bloklanıb.