REGİONAL AUDİOVİZUAL MEDİA QURUMLARININ RƏHBƏRLƏRİ İLƏ DƏYİRMİ MASA KEÇİRİLİB
Baxış sayı: 401
Azərbaycan Respublikası Audiovizual Şurasında regional audiovizual media redaksiyalarının rəhbərləri ilə dəyirmi masa keçirilib. Audiovizual Şuradan bildiriblər ki, görüşdə “Media haqqında” Qanuna uyğun olaraq mövcud lisenziyaların yenilənməsi, məzmun istehsalı ilə bağlı regional yayımçıların üzləşdiyi problemlər, “Media haqqında” Qanunun bir sıra tələblərinin icrası ilə bağlı yaranan suallar, audiovizual proqramlarda saxta və yalan xəbərlərin, o cümlədən, şər, böhtan xarakterli materialların yayımlanmaması məqsədilə redaksiyaların qarşısında duran vəzifələr, müxtəlif məqsədli dövlət proqramlarının və milli fəaliyyət planlarının icrası ilə bağlı mövcud durum, regional mediada reklam və digər məsələlər müzakirə olunub. Müzakirə formatında keçən görüşdə, həmçinin 2022-ci ildə həyata keçirilmiş fəaliyyət və ilin yekunları haqqında söhbət açılıb. Növbəti ildə regional yayımçılarla belə görüşlərin mütəmadi olaraq təşkil olunması, həmin görüşlərdə dövlət proqramlarının və milli fəaliyyət planlarının icrası ilə bağlı aralıq nəticələrin müzakirə olunması, yayımçılar tərəfindən qanunvericiliyin tələblərinə əməl olunması sahəsində yaranan çətinliklərin aradan qaldırılması üçün davamlı kommunikasiyanın təmin olunması ilə bağlı razılığa gəlinib.