QUSARDA “ALARKO CARRİER”İN YENİ TEXNOLOGİYALARI USTALARA TƏQDİM EDİLDİ

Qusarda isitmə və soyutma sistemləri sahəsində çalışan mütəxəssislər və ustalar üçün tədbir keçirilib.

Türkiyənin Alarko Carrier şirkətinin Azərbaycandakı rəsmi distribyutoru olan Armaad Texnoloji və Ekoloji Zona Sistemləri MMC tərəfindən təşkil olunan görüşdə müasir texnologiyalar, yeni nəsil isitmə və soyutma sistemləri barədə bilgi verilib. Tədbirə Qusar, Quba, Xaçmaz, Şabran və Bakıdan olan ustalar qatılıb. Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə açıq elan edildi. Sonra Armaad şirkətinin təsisçisi Murat Uçar tədbir iştirakçılarını salamlayaraq, belə görüşlərin yalnız Bakı ilə məhdudlaşmadığının, Azərbaycanın müxtəlif bölgələrində keçirilməsinin əhəmiyyətindən danışdı.Murat Uçar bildirdi ki, isitmə və soyutma sistemləri sahəsi daim inkişaf edir və bu istiqamətdə ən son texnologiyalar haqqında bilgilərin birbaşa mütəxəssislər tərəfindən ustalara çatdırılması xüsusi əhəmiyyət daşıyır. O qeyd edib ki, Türkiyədən gələn mütəxəssislərin ustalara verdiyi texniki məlumatlar onların peşəkar biliklərinin artırılması və ye ni texnologiyaların tətbiqi baxımından olduqca dəyərlidir. Tədbir Alarko Holdingin İxracat müdürü Öndər Özkanın çıxışı ilə davam edib. O, Alarko Holding tərəfindən isitmə və soyutma sistemləri sahəsində istehsal olunan məhsulların müasir texnologiyalara uyğunlaşdırıldığını diqqətə çatdırıb. Öndər Özkan bildirib ki, Alarko Holdingin məhsullarından qardaş ölkə Azərbaycanında uzun illərdir istifadə olunur. O, yeni texnologiyalara uyğun məhsulların Azərbaycanda daha geniş tətbiq olunması üçün şirkət olaraq əllərindən gələni əsərgiməyəcəklərini xüsusilə vurğulayıb. Tədbirin növbəti hissəsində Alarko Holdingin İxracat müdür yardımcısı Deniz Özde Akfidan iştirakçılara Alarko Holding haqqında geniş bilgi verib. Əvvəlcə şirkətin tanıtım videosu nümayiş etdirilib, istehsalat gücü, fəaliyyət istiqamətləri və məhsullarının dünyanın müxtəlif ölkələrində satışı barədə bilgi verilib. İştirakçılar Alarko Holdingin istehsal imkanları, məhsul çeşidləri və beynəlxalq bazardakı fəaliyyəti haqqında ətraflı məlumat əldə ediblər.Daha sonra tədbirin əsas hissələrindən biri olan soyutma sistemləri üzrə təqdimat keçirilib. Alarko Holdingin soyutma sistemləri sahəsində uzmanı Batuhan Benli Alarko Holdingin soyutma qrupuna daxil olan VRF sistemləri, Multi Klima və bu günün və gələcəyin yeni texnologiyası hesab olunan İstilik Nasosları haqqında tədbir iştirakçılarını ətraflı bilgiləndirib. Təqdimat zamanı sistemlərin texniki xüsusiyyətləri, istifadə imkanları və müasir tələblərə uyğun üstünlükləri barədə danışılıb. Ölkənin şimal bölgəsinin müxtəlif rayonlarından tədbirə qatılan ustalar onları maraqlandıran sualları mütəxəssisə ünvanlayıb, Batuhan Benli isə öz növbəsində verilən sualları cavablandırıb. Tədbir qarşılıqlı fikir mübadiləsi və sual-cavab sessiyası ilə davam edib. Sonra iştirakçılar arasında püşkatma yarışı keçirilib. Püşkatmanın qaliblərinə müxtəlif hədiyyələr təqdim olunub. Bununla yanaşı, tədbirdə iştirak edən ustalara iştirak sertifikatları verilib. Sonda tədbir iştirakçıları birgə xatirə fotosu çəkdirdilər. Qeyd edək ki, belə tədbirlər həm yeni texnologiyaların tanıdılması, həm də sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması baxımından mühüm platformadır.