QURBAN BAYRAMINDA ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏRƏ SOVQAT VERİLDİ
Baxış sayı: 298
Qurban bayramı və ya Dini qurban kəsmə bayramı - islam aləmində ən müqəddəs bayramlardan biridir. Bu bayram bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən, Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.
AMEA Şamaxı Astrofizika Rəsədxanasının 2023-cü il hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq builki Qurbаn bаyrаmı Zilhiccə ayının 10-na – Miladi təqvimlə 28 iyun tarixinə təsadüf edir.
Ölkəmizin hər yerində olduğu kimi Qubada da Qurban bayramı ilə bağlı bütün məsçidlərdə bayram namazı qılınıb. Namazda rayon əhalisi və bir sıra din xadimləri iştirak ediblər. Bayram namazında Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin ruhuna dualar edilib, xalqımıza əmin-amanlıq və ruzi bərəkət arzulanıb. Qurban bayramı sahib olduqlarımızı paylaşmaq, mərhəmət və birlik bayramıdır.
Hər zaman şəhid ailələri və qazilərin yanında olan Şəhid Qazi ailələrinə “Qayğı”cəmiyyətinin Quba rayon şöbəsi, bu dəfə də ənənəsinə sadiq qaldı. Cəmiyyətin təşkilatçılığı və Xaroşa kəndindən olan bir qrup iş adamının dəstəyi ilə müqəddəs Qurban bayramı münasibəti ilə 1-ci və 2- ci Qarabağ müharibəsində şəhid olmuş igid oğlanlarımızın ailə üzvləri, qazilər və veteranlar bu müqəddəs gündə təbrik edilib, onlara bayram sovqatları təqdim olunub.
Tədbir iştirakçıları ilk olaraq Quba şəhərində yerləşən şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin məzarları üzərinə qərənfillər düzüb, bütün şəhidlərimizin unudulmaz xatirəsini hörmət və ehtiramla anıblar. Biz də Qafqaz TV olaraq müqəddəs Qurban bayramı münasibətilə dünya müsəlmanlarını və Azərbaycan xalqını, Zəfər sevincimizdə payı olan Şanlı Ordumuzun əsgər və zabitlərini təbrik edir, Vətən uğrunda canlarını qurban edən şəhidlərimizə rəhmət, qazilərimizə şəfa arzulayırıq. Ulu tanrıdan dua və ibadətlərinizin qəbul olunmasını diləyirik.