QUBANIN TALABIQIŞLAQ KƏNDİNDƏ TİBB MƏNTƏQƏSİ AÇILDI
Baxış sayı: 478
Quba rayonunda, Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində icra olunmuş “Quba rayonunun Talabıqışlaq kəndində tibb məntəqəsinin inşası” layihəsinin təqdimat mərasimi həyata keçirildi. Mərasimdə Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Vada Cüniçi, Quba Rayon İcra Hakimiyyətinin Başçısı Ziyəddin Əliyev, Təbibin icraçı direktorunun müavinləri və Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək İctimai Birliyinin sədri iştirak etmişdir.Layihənin məqsədi Quba rayonunun Talabıqışlaq kəndində ginekoloji otaq, təcili tibbi yardım otağı, vaksinasiya otağı, müalicə otağı və xəstə otağından ibarət tibb məntəqəsinin inşa etməklə Talabıqışlaq kəndi və ətraf kəndlərin əhalisinin
sağlamlığının qorunmasına töhvə verməkdir. Yaxın gələcəkdə Quba Mərkəzi Xəstəxanası tərəfindən bu tibb məntəqəsinə 2 həkim, 4 tibb bacısı, 1 mama-ginekoloq və 2 xadimə ştatının təyin edilməsi və əhaliyə xidmət göstərməsi nəzərdə tutulur. “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı” Azərbaycan Respulikasının əhalisinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə səhiyyə, ictimai sağlamlıq, təhsil və kənd təsərrüfatı sahələrində bilavasitə yerli
əhalinin bəhrələnəcəyi nisbətən kiçik miqyaslı layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır.