QUBANIN BU KƏNDİNDƏ NİYƏ KİLSƏ TİKİLİB?

Quba rayonunun Hacıhüseynli kəndində yerləşən bu tikili ilk baxışdan adi bir tarixi bina təsiri bağışlasa da, əslində bölgənin mürəkkəb və maraqlı tarixindən xəbər verən memarlıq abidələrindən biridir. Tarixi mənbələrə görə, kilsə 1897-ci ildə tikilib. Tikinti üçün Rus imperiyasının Daxili İşlər Nazirliyi vəsait ayırıb. Kilsənin memarı mühəndis Pavel Koqnovitski, podratçısı isə Mir İsmayıl Mirzəyev olub. Kilsənin tikildiyi kənd 1892-ci ilə qədər Hacıhüseynli kəndi adlanıb. Kəndin yerli türk əhalisinin köçürülüb və onların yerinə əraziyə ruslar yerləşdirildikdən sonra, kəndin adı dəyişdirilərək Bakı qubernatoru Vladimir Roggenin həyat yoldaşının şərəfinə Yelenovka adlandırılır. Eyni dövrdə ətraf ərazilərdə daha 3 rus kəndi , Aleksandrovka, Petropavlovka və Borispol kəndləri də salınır. Yeni köçürülən rusların istəyi ilə Yelenovka kəndində kilsənin tikilməsi ilə bağlı qərar qəbul olunur. Kilsəni Müqəddəs Məryəmin Himayəsi kilsəsi adlandırırlar. Sovet hakimiyyəti qurulduqdan sonra bir çox məscid, kilsə və sinaqoqlar maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verildi. Müqəddəs Məryəmin Himayəsi Kilsəsi də bu dövrdə ibadətə bağlanıb və kilsənin binasından anbar kimi istifadə olunub. Hacıhüseynli kəndinin yaşlı sakinləri deyirlər ki, onlar bu tikilini uşaqlıqdan görüb tanıyırlar. Onların sözlərinə görə, kəndin tarixində baş verən dəyişikliklərə baxmayaraq, kilsə bu gün də həmin dövrün yadigarı kimi qalmaqdadır. Bu gün kilsə ibadət məqsədilə istifadə olunmur. Buna baxmayaraq, bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci ildə qəbul etdiyi qərarla yerli əhəmiyyətli tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib. Qeyd edək ki, bişmiş kərpicdən tikilmiş kilsənin bünövrəsi daşdandır. Binanın ümumi uzunluğu 19.2 metr, eni isə 9.6 metrdir. Hündürlüyü 14.9 metr olan kilsənin zəng qülləsi giriş zalının üzərində yerləşir. Bu gün Hacıhüseynli kəndində yerləşən kilsə artıq ibadət məkanı kimi fəaliyyət göstərməsə də, ancaq keçmişin izlərini qoruyaraq Qubanın çoxqatlı tarixindən danışan nadir abidələrdən biri hesab olunur.