QUBALILAR DAHA BEŞ YARDIM MAŞINI YOLA SALDILAR

Bu gün Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev fevralın 6-da qardaş Türkiyə Respublikasında baş vermiş dəhşətli zəlzələ nəticəsində zərər çəkmiş şəxslərə köməklik göstərilməsi məqsədilə rayonun Qaraçay kəndində müəyyən olunmuş məntəqədə növbəti yardımların hazırlanması və yardımları aparan nəqliyyat vasitələrinin yola salınması mərasimində iştirak edib. Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev burada rayon sakinləri ilə görüşərək fevralın 6-da gecə saatlarında dost və qardaş Türkiyə Respublikasının 10 böyük vilayətində baş vermiş güclü zəlzələnin ağır və dəhşətli nəticələri barədə geniş danışmış, Azərbaycanın və Türkiyənin həm sevincli, həm də çətin günlərdə hər zaman bir-birinin yanında olduğunu qeyd etmiş, dəhşətli zəlzələdən dərhal sonra ilk olaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən məhz Azərbaycan Respublikasından xilasedicilərin qardaş ölkəyə göndərildiyini, eləcə də tələb olunan bütün zəruri vasitələrin zəlzələ zonasına yola salındığını bildirmişdir. Vətəndaşlar da Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevə göstərdiyi köməkliyə görə minnətdarlıqlarını bildirmiş, qardaş ölkəyə yardım göstərməyi özlərinin mənəvi borcları hesab etdiklərini vurğulamış, bundan sonra da yardım kampaniyasında yaxından iştirak edəcəklərini qeyd etmişlər.Artıq ikinci gündür ki, Qubada hər kəs yumruq tək birləşərək qardaş ölkəyə yardım edir. Belə aksiyalar Qubada bir neçə yerdə təşkil olunub. Bu məntəqələrdən biri də Qubanın Qaraçay kəndində təşkil edilib. Kənd sakinləri səhər saatlarından etibarən məntəqəyə axın edib. Dəstək kampaniyasına qoşulan vətəndaşlar isti geyimlər, həmçinin müxtəlif zəruri əşyalar gətirir. Toplanan əşyalar könüllülər tərəfindən seçilir və qablaşdırılır. Qarlı və soyuq havanın olmasına baxmayaraq kənd sakinləri yardım məqsədilə əlindən gələni əsirgəmir və kampaniyaya böyük rəğbət göstəriblər. Qeyd edək ki, baş vermiş güclü zəlzələ nəticəsində evləri dağılan sakinlərə yadım kompaniyasında rayonun digər kəndləri və rayon sakinləri də yaxından iştirak edir.